Bölgələrdə 8 Noyabr- Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib
Noyabrın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsi və Goranboy RİH-nin birgə təşkilatçılığı ilə Dəliməmmədli şəhəri Mədəniyyət Evində “Zəfər gününə” həsr olunmuş “Vətən naminə” sənədli filminin nümayişi baş tutub.
Tədbirdə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüsal Hüseynli, RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Murov Həsənov, ictimaiyyət nümayəndələri və gənclər iştirak edib.
Tədbirdən öncə Vətən naminə canlarından keçmiş əziz şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan RİH-nin nümayəndəsi Murov Həsənov dövlətimizin qətiyyəti, ordumuzun gücü, xalqımızın misilsiz dəstəyi sayəsində əldə olunan möhtəşəm qələbədən bəhs edib.
Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüsal Hüseynli qəhrəmanlıq salnaməsinin və yeni Azərbaycan tarixinin qürur hissi ilə gənc nəsillərə çatdırılmasının vacibliyindən danışıb.
Sonda “Vətən naminə” sənədli filmi nümayiş olunub.
****
Noyabrın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin, İnsan Hüquqları üzrə Müvəkkilin Quba regional mərkəzinin, Quba regional ASAN xidmət mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin və Qafqaz Müsəlmanları İdarəsinin Quba və Şabranda fəaliyyət göstərən qazılıqlarının birgə təşkilatçılığı ilə “44 günlük Vətən müharibəsi: Zəfərə gedən yol” adlı onlayn formatda tədbir keçirilib.
Tədbirdə çıxış edən natiqlər əldə etdiyimiz qələbədə Ali Baş Komandanın, Azərbaycan ordusunun və Azərbaycan xalqının birgə fəaliyyətinin və danılmaz rolunun olduğunu qeyd ediblər. Bildirilib ki, 44 gün sürən Vətən müharibəsinin birinci günündən qələbə əldə olunan günə qədər xalqın və ordunun yanında olan, xalqa ordunun əldə etdiyi qələbələr barədə hər gün məlumat verən Ali Baş Komandan, həm də informasiya cəbhəsində düşməni müdafiə edən xarici KİV mənsubları ilə də mübarizə aparırdı.
Tədbirdə digər iştirakçılar dinlənilib və suallar cavablandırılıb.
****
Daha bir “Zəfərə aparan yol: milli və dini həmrəylik” mövzusunda tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Zərdab rayonu Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.
Seminarda DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov, Zərdab rayonu Mədəniyyət Mərkəzinin direktoru Elyurə Məmmədova, Vətən Müharibəsi iştirakçıları-qaziləri, Mədəniyyət Mərkəzinin əməkdaşları iştirak ediblər.
Seminarda çıxışlar zamanı qeyd edilib ki, sentyabr ayının 27-dən xalqımızın qəhrəmanlıq salnaməsində yeni bir mərhələ başladı. Xalqımızın mübarizə əzmi, milli-mənəvi həmrəyliyi, şanlı ordumuzun döyüş qabiliyyəti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin yenilməz siyasi iradəsi və qətiyyətli mövqeyi möhtəşəm qələbəni Azərbaycan xalqına bəxş etdi. Xalqımızın məğrurluğu, yenilməzliyi işğaldan azad edilmiş bütün torpaqlarda milli-mənəvi birliyimizin, ərazi bütövlüyümüzün rəmzi olan üçrəngli bayrağımızın əbədi dalğalanması ilə təsbit olundu.
Çıxışlardan sonra Vətən müharibəsi qazilərinə xatirə hədiyyələri təqdim edilib.
****
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin, Zaqatala RİH-nin və Zaqatala rayonu Əliabad İslam Kollecinin birgə təşkilatçılığı ilə Zaqatala rayonu Əliabad İslam Kollecində “8 noyabr Zəfər Günü-siyasi iradə, güclü ordu, milli birlik və yüksək mənəviyyatın təntənəsi” mövzusunda konfrans keçirilib.
Konfrans Vətənimizin suverenliyi, bütövlüyü və azadığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.
Bildirilib ki, 27 sentyabr 2020-ci il tarixdə erməni faşistlərinin növbəti təxribatının qarşısını almaq məqsədilə Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun həyata keçirdiyi “əks-həmlə” əməliyyatı ilə tarixi torpaqlarımız düşmən tapdağından azad edilib, vətənimizin ərazi bütövlüyü bərpa edilib, müstəqilliyimiz və suverenliyimiz daha da möhkəmlənib. 30 illik həsrətə son qoyan bu şanlı tarixi zəfərdə Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin müdrik və uzaqgörən hərbi-siyasi gedişlərinin, yüksək peşəkarlığa malik rəşadətli Azərbaycan Ordusunun şücaətinin və xalqımızın nümayiş etdirdiyi milli və dini həmrəyliyin önəmi diqqətə çatdırılıb.




