Bölgələrdə 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
Yanvarın 18-də bölgələrdə 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, yerli icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə Qax, Zaqatala və Balakən rayonlarında keçirilən tədbirlərdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, şöbənin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Digər anım tədbiri isə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Saatlı rayonun din xadimləri və dindarların iştirakı ilə Saatlıda keçirilib.
20 Yanvar şəhidlərinin xatirəsi Zərdab rayonunda da anılıb. Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov, rayon icra hakimiyyətinin nümayəndələri iştirak ediblər.
Masallı şəhəri Sakit Tağıyev adına 4 saylı tam orta məktəbdə keçirilən tədbirdə isə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
20 Yanvar-Ümumxalq Hüzn Günü ilə əlaqədar Quba rayonunda keçirilən anım tədbirində təşkilatçı qurumların nümayəndələri - DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, İnsan Hüquqları üzrə Müvəkkilin Quba regional mərkəzinin direktoru Bəhruz Əfəndiyev, Quba RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Anar Məmmədov, QMİ-nin Quba rayonu üzrə səlahiyyətli nümayəndəsi Anar Eyyubov, din xadimləri və başqaları iştirak ediblər.
Keçirilən tədbirlərdə qeyd olunub ki, 1990-cı il yanvarın 20-də milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Çıxışlarda vurğulanıb ki, 20 Yanvar Azərbaycan xalqının tarixində sadəcə ağrı və acı ilə xatırlanacaq gün deyil, bu tarix Azərbaycan xalqının şan və şərəf günüdür.
Bu hadisədən bir gün sonra Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı səfirliyinə gedərək xalqımızın kədərini bölüşməsi və qırmızı rejimin ölkəmizdə həyata keçirdiyi qanlı aksiyanı ifşa etməsi o dövrdə xalqımıza bir dayaq, bir təsəlli oldu. Uzun illər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində işləyən, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü olan, SSRİ rəhbərliyinin qəzəbinə tuş gələrək təqaüdə göndərilən Heydər Əliyev yenə də bütün məhrumiyyətlərə baxmayaraq o ağır günlərdə xalqının sırasında, onunla birgə, həmrəy oldu.





