Bölgələrdə “15 İyun-Milli Qurtuluş Günü” ilə əlaqədar tədbirlər keçirilib
İyunun 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsi (DQİDK), Balakən Rayon İcra Hakimiyyəti (RİH), Şəki-Zaqatala Regional Təhsil İdarəsi və “Gənclər evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə Balakən rayonu Qazma kənd 1 nömrəli tam orta məktəbdə “15 İyun-Milli Qurtuluş Günü” ilə əlaqədar seminar keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Elməddin Atakişiyev, YAP Balakən rayon təşkilatı Gənclər Birliyinin sədri Nurlan Şibliyev, “Gənclər evi” sosial xidmət müəssisəsinin əməkdaşı Osman Əliyev, məktəb müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.
Azərbaycan xalqının milli qurtuluş gününə həsr olunmuş növbəti tədbir iyunun 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Qax şəhər N.Allahverdiyev adına 2 №-li tam orta məktəb-liseyində seminar keçirilib. Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov, Qax rayon Gənclər və İdman idarəsinin rəis müavini Elvin Həsilov, Qax rayon Gənclərin Kariyera və İnkişaf Mərkəzinin direktoru Elmir Həşimli, məktəb müəllimləri və yuxarı sinif şagirdləri iştirak edib.
Çıxışlar zamanı Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət-din münasibətləri haqqında ətraflı danışılaraq bildirilib ki, 90-cı illərin əvvəllərində dövlət müstəqilliyimizin qorunub saxlanılmasında Heydər Əliyevin misilsiz xidmətləri olub. Onun hakimiyyətə qayıdışından sonra Azərbaycanda bütün təsisatlar bərpa olunub və inkişaf etdirilib. 1993-cü il iyunun 15-də Ümummili Lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb, iqtisadi tənəzzülə son qoyulub, hüququn aliliyinə əsaslanan idarəetmə sistemi yaradılıb. O da vurğulanıb ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan dövlətinin tərəqqisi və qüdrətlənməsi, dünya dövlətləri sırasında layiqli yer tutulması istiqamətində əzmlə çalışan Prezident cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimiz, xalqımız sabaha doğru uğurla addımlayır.



