Balakəndə radikalizmlə mübarizəyə həsr olunmuş seminar keçirilib
Avqustun 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsi (DQİDK), Balakən Rayon İcra Hakimiyyəti (RİH), rayon “Gənclər evi” sosial xidmət müəssisəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə “Radikal, ekstremist təmayüllü dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları” mövzusunda seminar keçirilib.
Tədbirdə DQİDK əməkdaşı Elməddin Atakişiyev, Balakən RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov, “Gənclər evi” sosial xidmət müəssisəsi əməkdaşı Osman Əliyev, Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Şahin Qarakişiyev, din xadimləri və gənclər iştirak ediblər.
Çıxışlar zamanı dini radikalizm və onun ən təhlükəli forması olan dini ekstremizm haqqında geniş məlumat verilib, onlara qarşı mübarizənin vacibliyindən bəhs edilib. Bildirilib ki, radikal dini qüvvələr milli-mənəvi dəyərlərin gözdən salınmasına, cəmiyyətdə zorakılıq yaranmasına çalışırlar. Belə bir təbliğatın təsiri altında formalaşmış gənclər isə ümumi dəyərlərdən imtina edir, təhsil və özünü inkişafdan uzaqlaşırlar. Qeyd edilib ki, bu cür mühitin yaranmaması üçün gənclər elmə, təhsilə mütləq yiyələnməli, eyni zamanda onları radikal qüvvələrin təsirindən qorumaq üçün düzgün dini maarifləndirmə işinin aparılmasına xüsusi diqqət yetirilməlidir.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, seminar iştirakçılarına maarifləndirici ədəbiyyat paylanılıb.


