Balakəndə maarifləndirmə tədbiri keçirilib
Sentyabrın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsi (DQİDK), Balakən Rayon İcra Hakimiyyəti (RİH) və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) birgə təşkilatçılığı ilə “Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq” mövzusunda seminar keçirilib.
Seminarda DQİDK-nın əməkdaşları Elməddin Atakişiyev və Ruslan Əfəndiyev, Balakən RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov, MKS-nin rəhbəri Məryəm Tağıyeva, Gənclər evi Sosial xidmət müəssisəsinin əməkdaşı Osman Əliyev, Gənclərin İnkişaf və Karyera Mərkəzinin əməkdaşı Aysel Padarova, Balakən rayon MKS-nın əməkdaşları, din xadimləri və gənclər iştirak ediblər.
Çıxışlar zamanı ölkəmizdə mövcud olan nümunəvi dövlət-din münasibətlərindən danışılıb, seminar iştirakçılarına dini radikalizm və ekstremizmin fəsadları haqqında ətraflı məlumat verilib və bu təhlükələr ilə mübarizə çərçivəsində aparılan maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışılıb. Seminarda xalqımızın zəngin milli-mənəvi, tolerant, multikultural dəyərlərindən bəhs edilərək bildirilib ki, gənclərin milli-mənəvi dəyərlər və azərbaycançılıq ruhunda tərbiyə edilməsi, vətənpərvər gənclər kimi formalaşması, zərərli vərdişlərdən, eləcə də radikal dini təsirlərdən qorunması olduqca önəmlidir.
Tədbirin sonunda qarşılıqlı fikir mübadiləsi aparılıb, seminar iştirakçılarına maarifləndirici ədəbiyyat paylanılıb.

