Balakəndə “İnsan hüquqları: Dini etiqad azadlığı” mövzusunda seminar keçirilib
Mayın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Balakən rayonu “Gənclər evi” sosial xidmət müəssisəsi, Rayon İcra Hakimiyyəti (RİH) və Polis şöbəsinin (RPŞ) birgə təşkilatçılığı ilə “18 may-18 iyun İnsan hüquqları aylığı” çərçivəsində “İnsan hüquqları: Dini etiqad azadlığı” mövzusunda seminar keçirilib.
Balakən rayonu “Gənclər evi” sosial xidmət müəssisəsində baş tutan tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Elməddin Atakişiyev, Balakən RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Aqil Bağırov, Balakən Gənclər evi sosial xidmət müəssisəsinin direktoru Tale Şahverdiyev, Balakən RPŞ-nin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun baş inspektoru Sahil Bayramov, Balakən Rayon Gənclər və İdman idarəsinin aparıcı məsləhətçisi Nurlan Şibliyev, Balakən rayon Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Şahin Qarakişiyev, din xadimləri və gənclər iştirak ediblər.
Çıxışlar zamanı Azərbaycan Respublikasının qanunvericiliyində, Konstitusiyasında əks olunmuş əsas insan və vətəndaş hüquq və azadlıqları haqqında iştirakçılara geniş məlumat verilib, ölkəmizdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən hüquqi dövlət quruculuğu siyasətindən, insan hüquq və azadlıqlarının layiqincə qorunması istiqamətində görülmüş işlərdən danışılıb. Tədbirdə dini radikalizmin, dini ekstremizmin, xurafatın cəmiyyətimizdə insan hüquq və azadlıqlarına yaratdığı fəsadlar və onlara qarşı aparılan mübarizə yolları haqqında ətraflı məlumat verilərək vurğulanıb ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və digər dövlət qurumlarının birgə təşəbbüsü ilə hər il 18 may – 18 iyun tarixlərində ölkəmizdə “İnsan Hüquqları Aylığı” keçirilir və aylıq çərçivəsində təşkil olunan belə tədbirlər ölkəmizdə insan hüquqlarının təbliğində, insanların hüquq düşüncəsinin və hüquq mədəniyyətinin daha da inkişaf etdirilməsində, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsində və onların problemlərinin həllində önəmli rol oynayır.
Tədbirin yekununda iştirakçılara Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə çap olunmuş kitablar, eləcə də DQİDK-nın nəşri olan “Cəmiyyət və din” qəzeti təqdim edilib.


