Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
20.12.2022 / Xəbərlər

Bakıda “Prezident İlham Əliyev siyasəti: dünyəvilik və multikultural dəyərlər” mövzusunda konfrans keçirilib

Dekabrın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Prezident İlham Əliyev siyasəti: dünyəvilik və multikultural dəyərlər” mövzusunda konfrans keçirilib.

Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan DQİDK sədri Mübariz Qurbanlı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda mövcud olan tolerant, multikultural mühitin, dini-mədəni müxtəlifliyin, dövlət-din modelinin möhkəmləndirilməsi, milli-mədəni irsin və mənəvi-əxlaqi dəyərlərin mühafizəsi, müxtəlif millətlərin və dinlərin nümayəndələri arasında qarşılıqlı etimadın yaradılması istiqamətində görülən işlərdən bəhs edib.

Komitə sədri diqqətə çatdırıb ki, Azərbaycanda din siyasəti müstəqillik illərində daha da təkmilləşərək bu gün yüksək səviyyədə həyata keçirilir. Həm İslam dünyasında, həm də qlobal təşkilatlarda Azərbaycanın dövlət-din modeli nümunə olaraq qəbul olunur və öyrənilir. Ölkəmizdə bütün dini icmalara bərabər imkanlar yaradılıb. Bu, dünyəviliyin təzahürüdür. “Heydər Əliyevin siyasi kursunu zamanın tələbinə uyğun şəkildə, məharətlə davam etdirən Prezident İlham Əliyevin apardığı siyasət özündə xalqımızın milli maraqlarını əks etdirir. Milli və dini mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşın hüquqlarının qorunması, müxtəlif millətlərin mədəniyyətlərinin və adət-ənənələrinin inkişafına şərait yaradılması vətəndaş həmrəyliyini möhkəmləndirir. Qürur hissi ilə deyə bilərik ki, milli kimliyin və özünüdərkin  güclənməsi, multikultural və tolerant dəyərlərin, milli-dini münasibətlərin  inkişafı  azərbaycançılıq məfkurəsinin yaratdığı əlverişli ideoloji şəraitdən irəli gəlir. Prezident İlham Əliyevin bu sahədə apardığı siyasət etnik və dini mənsubiyyəti, mədəni dəyərləri və adət-ənənələrindən  asılı olmayaraq ölkə vətəndaşları tərəfindən dəstəklənir”- deyə, Komitə sədri əlavə edib.

Tarixi-dini abidələrimizin, o cümlədən məscid, kilsə, sinaqoqların bərpası və yenidən qurulması, yeni ibadət evlərinin inşasının Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin tərkib hissəsi olduğunu vurğulayan Komitə sədri Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən 30 illik işğaldan azad olunan ərazilərimizdə ermənilərin dağıtdığı dini abidələrin, o cümlədən məscidlərin bərpasına dair görülən işlərdən də danışıb.

Milli Məclisin deputatı Ceyhun Məmmədov çıxış edərək bildirib ki, dini dəyərlərimizin qorunub saxlanılmasında Ümummilli Lider Heydər Əliyevin xidmətləri əvəzsizdir. Ulu Öndər Heydər Əliyev dini və milli dəyərlərimizin qorunmasında, tolerant və multikultural ənənələrimizin təbliğində əməli fəaliyyəti ilə mühüm rol oynayıb. Əsası Ulu Öndər Heydər tərəfindən qoyulan dövlət-din münasibətlərini bu gün də ölkə Prezidenti cənab İlham Əliyev böyük uzaqgörənlik və uğurla davam etdirir. Bu gün ölkədə yaşayan müxtəlif dinlərin nümayəndələrinə diqqət və qayğının göstərilməsi Azərbaycan hökumətinin din siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Məhz bu siyasət sayəsində dövlət dini icmalara xüsusi diqqət və qayğı ilə yanaşır, hər il dövlət büdcəsindən dini icmalara yardımlar ayrılır, dini bayram və mərasimlər dövlət səviyyəsində qeyd edilir.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev Prezident İlham Əliyevin dinimizin, ümumilikdə dəyərlər sistemimizin qorunması və inkişafına göstərdiyi xüsusi diqqət və qayğı ilə bağlı məqamlara toxunub.

DQİDK yanında İctimai Şuranın sədri Sevinc Alızadə, Rus-Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Konstantin Pominov, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Roma Katolik kilsəsinin Azərbaycandakı apostol prefekturasının yepiskopu Vladimir Fekete, Azərbaycan Respublikası Alban-Udi xristian dini icmasının sədri Robert Mobili çıxışlarında tolerant və multikultural ənənələrin hökm sürdüyü ölkəmizdə həyata keçirilən din siyasəti, İslam və qeyri-islam dini icmalara, onların ibadət yerlərinə göstərilən diqqət və qayğıdan, eyni zamanda, Azərbaycanın müxtəlif mədəniyyətlər və dinlər arasında əlaqələrin genişlənməsinə verdiyi töhfələrdən söhbət açıblar.