Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
29.09.2023 / Xəbərlər

Azərbaycan İlahiyyat İnstitutunu bitirmiş Gürcüstan vətəndaşlarına diplomlar təqdim olunub

Gürcüstana səfəri çərçivəsində Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Marneulidə Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) rəhbərliyi və üzvləri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, GMİ-nin Marneuli ofisində keçirilən görüşdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra GMİ-nin Şərqi Gürcüstan üzrə müftisi Etibar Eminov Gürcüstanda dini icmalara yaradılan şəraitdən danışıb, dini ocaqların güzəştli şərtlərlə təbii qazla təmin olunmasına görə Azərbaycan dövlətinə minnətdarlıq edib.

Bildirib ki, 2024-cü ildə Gürcüstanda İslam dinini yüksək səviyyədə öyrədən 3 məktəb açılacaq. Bunlardan biri Batumidə, ikisi isə Marneulidə fəaliyyət göstərəcək. Bu məktəblərin diplomları hər yerdə keçərli olacaq.

GMİ-nin şeyxi hacı Ramin İgidov Azərbaycanda və Gürcüstanda mövcud olan dini dözümlülükdən söz açıb, hər iki ölkənin din xadimləri və dini qurumlarla iş üzrə dövlət təşkilatları arasındakı münasibətləri yüksək qiymətləndirib.

DQİDK-nın sədri M.Qurbanlı görüş iştirakçılarına Azərbaycandakı dini konfessiyaların azad fəaliyyəti barədə məlumat verib, onlara göstərilən diqqət və qayğıdan söz açıb. Bildirib ki, Azərbaycanda din dövlətdən ayrıdır. Bununla belə onlara dövlət tərəfindən maddi yardımlar göstərilir.

Bildirilib ki, Gürcüstanda azərbaycanlıların dinlə bağlı tələblərinin yerinə yetirilməsi üçün əlverişli şərait yaradılıb. Komitə, öz növbəsində, Gürcüstandakı məscid və mədrəsələrin təmiri, kadr hazırlığı və dərsliklərlə təmin olunmasına yardım etməyə hazırdır.

Sonda Azərbaycan İlahiyyat İnstitutunda təhsil almış 5 nəfər Gürcüstan vətəndaşına diplomlar təqdim olunub.

Vurğulanıb ki, Azərbaycan İlahiyyat İnstitutunun diplomu ilə dini qurumlarda, eləcə də dövlət qurumlarında çalışmaq mümkündür. Yəni bu diplomları dini mərkəzlərlə yanaşı, digər ölkələrin təhsil nazirlikləri tərəfindən də qəbul olunur.

Qeyd edək ki, diplomları təqdim olunan məzunlar fəaliyyətlərini Gürcüstanda davam etdirəcəklər.

Görüşdə və diplomların təqdimat mərasimində Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Salman Musayev iştirak ediblər.