Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
08.05.2026 / Xəbərlər

Azərbaycan İlahiyyat İnstitutu ilə Kilis 7 Aralık Universiteti arasında Anlaşma Memorandumu imzalanıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu ilə Türkiyənin Kilis 7 Aralık Universiteti arasında Anlaşma Memorandumu imzalanıb.

Memorandum çərçivəsində tərəflər tədris proqramları və elmi tədqiqatların mübadiləsi, birgə akademik fəaliyyətlərin təşkili, müəllim, tələbələr üçün seminarların, həmçinin təlim proqramlarının həyata keçirilməsi, eləcə də professor-müəllim heyəti arasında qarşılıqlı təcrübə mübadiləsi istiqamətində əməkdaşlıq edəcəklər.

Sənəddə, həmçinin “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda beynəlxalq simpozium çərçivəsində əməkdaşlığın davam etdirilməsi, akademik akkreditasiya, keyfiyyət təminatı və beynəlxalq reytinqlər üzrə təcrübə mübadiləsinin aparılması nəzərdə tutulub.

Anlaşma Memorandumu tərəflər arasında elmi əlaqələrin genişləndirilməsi, ortaq layihələrin həyata keçirilməsi və ali təhsil sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsinə xidmət edəcək.

Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutunun qarşısına qoyduğu məqsədlərdən biri də ali təhsil müəssisəsinin beynəlxalq miqyasında tanınmasına, eyni zamanda, dünya təcrübəsindən istifadə edərək yüksəkixtisaslı kadrlar hazırlanmasına nail olmaqdır. Bu istiqamətdə İnstitut ilahiyyat sahəsində tanınmış dünya universitetləri - İstanbul 29 Mayıs, Qazaxıstanın “Nur-Mübarək” Misir İslam Mədəniyyəti Universiteti,  Qars Qafqaz Universiteti, ABŞ-nin Briqam Yanq Universiteti, İndoneziyanın Sunan Kalijaga Dövlət İslam Universiteti və digər ali təhsil müəssisələri ilə əlaqələr yaradır, ikitərəfli əməkdaşlığa dair memorandumlar və müqavilələr imzalayır. Hazırda əməkdaşlıq müqavilələri çərçivəsində Aİİ-nin tələbələri xarici ölkə universitetlərində ilahiyyat sahəsi üzrə təhsillərini davam etdirirlər.