Astarada “Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər” mövzusu müzakirə olunub
Aprelin 21-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Astara şəhəri M.Ə.Sabir adına 1 saylı tam orta məktəbinin birgə təşkilatçılığı ilə “Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Elnur Ağayev, məktəbin direktoru Xədicə Əliyeva, müəllim və şagirdlər iştirak ediblər.
Çıxışlar zamanı məktəblilərin milli-mənəvi dəyərlərimiz və azərbaycançılıq ruhunda tərbiyə edilməsinin, vətənpərvər gənclər kimi formalaşmalarının əhəmiyyəti qeyd edilib. Onların zərərli vərdişlərdən və radikal dini təsirlərdən qorunmasının vacibliyi vurğulanaraq bu istiqamətdə dövlətin həyata keçirdiyi tədbirlərdən danışılıb.