Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
19.11.2026 / Xəbərlər

Ağstafada din xadimləri üçün təlim keçirilib

Noyabrın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Ağstafa rayonunda din xadimləri üçün “Din xadimi – mənəvi dəyərlər və milli kimlik arasında körpü” mövzusunda təlim keçirilib.

Bakı İlahiyyat Kollecinin direktoru, ilahiyyat üzrə fəlsəfə doktoru Mehman İsmayılov çıxış edərək milli kimliyin formalaşmasında dil, tarixi yaddaş, mədəniyyət, vətəndaşlıq və din kimi amillərin rolundan bəhs edib. 

Vurğulanıb ki, cəmiyyətin mənəvi inkişafı, milli-mədəni irsin gələcək nəsillərə ötürülməsi və vətənpərvərlik ruhunun gücləndirilməsi istiqamətində din xadimlərinin üzərinə mühüm vəzifələr düşür.

Təlim çərçivəsində qloballaşma və rəqəmsallaşma şəraitində din xadimlərinin sosial məsuliyyəti, dini radikalizm və ekstremizmə qarşı mübarizə, sosial şəbəkələrdə dezinformasiya və yanlış məlumatların yayılmasının qarşısının alınması, eləcə də multikultural dəyərlərin və tolerantlıq ənənələrinin təşviqi məsələləri diqqətə çatdırılıb. Mehman İsmayılov din xadimlərinin müasir dövrün çağırışlarına çevik və düzgün yanaşmasının vacibliyini qeyd edərək, milli-mənəvi dəyərlərin təbliği, gənclərin yad ideoloji təsirlərdən qorunması istiqamətində onların fəal mövqeyinin əhəmiyyətini vurğulayıb.

Tovuz, Qazax, Ağstafa, Gədəbəy və Şəmkir rayonlarında fəaliyyət göstərən 100-ə yaxın din xadimi, dini icma sədri və üzvünün qatıldığı təlim mövzu ətrafında geniş fikir mübadiləsi ilə başa çatıb.