Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
21.10.2021 / Xəbərlər

Ağdaşda "Zəfərə aparan yol: milli və dini həmrəylik” mövzusunda seminar-müşavirə keçirilib

Oktyabrın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsi və Ağdaş rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə Ağdaş rayon Mərkəzi Kitabxanasında "Zəfərə aparan yol: milli və dini həmrəylik” mövzusunda seminar-müşavirə keçirilib. Müşavirədə Ağdaş rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kollektivi, şəhid ailələri, qazilər, Vətən Müharibəsi iştirakçıları və ictimaiyyət nümayəndələri  iştirak edib.

Tədbirdən öncə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Asif Ədilov mövzu ətrafında geniş çıxış edərək gənclərin milli-mənəvi dəyərlər istiqamətində yetişdirilməsinin əhəmiyyətindən bəhs edib. Asif Ədilov çıxışında qeyd edib ki, bu istiqamətdə tərbiyə olunan, milli kimliyə dərin sevgi bəsləyən əziz şəhidlərimizin hesabına biz öz ərazi bütövlüyümüzü təmin edərək tarixi ədaləti bərpa etdik. Bununla yanaşı, dövlətimizin siyasi-iqtisadi və hərbi sahədə uğurlarından bəhs edən A. Ədilov Azərbaycanın regionda yeni reallıq yaradaraq öz milli kimliyinə sadiq, milli dəyər və keyfiyyətlərinə sahib ölkə kimi tanındığını qeyd edib.

Çıxış edən Ağdaş rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin müdiri Seyfəddin Feyzullayev ölkəmizin beynəlxalq hüquq qaydalarına uyğun olaraq, öz ərazi bütövlüyünü təmin etməklə yanaşı, yeni reallığa da imza atdığını qeyd edib.