Ağdaşda "Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərimizin rolu" mövzusu müzakirə edilib
Aprelin 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Ağdaş Dövlət Humanitar Kollecində (Kollec) "Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərimizin rolu" mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Asif Ədilov, Ağdaş Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Səbuhi Musayev, Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, Kollecin tələbələri və ictimaiyyət nümayəndələri, eləcə də rayonun fəal gəncləri iştirak ediblər.
Çıxışlarda dövlətimiz tərəfindən milli, mənəvi dəyərlərimizin qorunması və inkişafına verilən önəmdən, həmçinin xalq olaraq formalaşmağımızda, milli dövlətçiliyimizin möhkəmlənməsində mənəvi dəyərlərimizin əhəmiyyətindən bəhs edilib. Bildirilib ki, 44 günlük Vətən müharibəsi zamanı ölkəmizdə yaşayan müxtəlif xalqların və dinlərin nümayəndələri Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək ərazi bütövlüyümüzün bərpası uğrundakı mübarizəyə öz töhfələrini verdilər. Tədbirdə, həmçinin mənəvi dəyərlərimizin qorunub saxlanılması, adət-ənənələrimizin davam etdirilməsi, gənclərin mənəvi ruhda tərbiyə edilməsi və bu dəyərlərin gələcək nəsillərə ötürülməsinin vacibliyindən danışılıb.
Tədbir qarşılıqlı müzakirələrlə davam etdirilib.


