Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
25.02.2022 / Xəbərlər

Ağcabədi və Tərtərdə narkomaniya ilə mübarizəyə həsr olunmuş tədbirlər keçirilib

Fevralın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbəsi Müdafiə Nazirliyinin Ağcabədi rayonunda yerləşən “N” saylı hərbi hissəsi ilə birlikdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı çərçivəsində “Seçim həmişə var: narkotik vasitələrə “Yox” deməyi bacar!” mövzusunda tədbir keçirilib.

Tədbirdə hərbi hissənin İdeoloji iş və mənəvi-psixoloji təminat rəisi Elmar Abbasov, DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov və hərbçilər iştirak ediblər.

Bu mövzuda daha bir tədbir isə Tərtər rayonunda keçirilib. Belə ki, fevralın 24-də DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsi və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Tərtər rayonu Sarıcalı kənd tam orta məktəbində “Narkomaniya: səbəbləri və ona qarşı mübarizə yolları” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov, Tərtər RİH-nin nümayəndəsi Rəvan Həsənov, Tərtər rayon “Cümə” məscidi dini icmasının sədri və imamı Sadiq Cəfərov, rayon Təhsil şöbəsinin əməkdaşı Gülxar Abbasova, Sarıcalı kənd tam orta məktəbinin müəllim və yuxarı sinif şagirdləri iştirak ediblər.

Çıxışlarda qeyd olunub ki, müasir dünyamızın ən mühüm problemlərindən biri olan narkomaniyadan bəşəriyyət hələ də əziyyət çəkməkdədir. Bildirilib ki, əvvəllər narkotikdən istifadə təhlükəsi bir neçə ölkə qarşısında dururdusa, artıq vətəndaşlarının narkotizasiyasının acı nəticələrini hiss etməyən ölkə tapmaq mümkün deyil. Eyni zamanda psixoaktiv maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri barədə ətraflı məlumat verilib.