44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib
Oktyabrın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi, Saatlı Rayon İcra Hakimiyyəti və Saatlı Rayon Gənclər və İnkişaf Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə pandemiya qaydalarını gözləməklə Saatl rayonu A.Mustafayev adına Qıraqlı kənd ümumi orta məktəbində 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə təşkilatçı qurumların nümayəndələri, müəllim və şagirdlər iştirak ediblər.
Əvvəlcə Vətənimizin bütövlüyü və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlar zamanı qeyd edilib ki, Vətən müharibəsinin nəticəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz düşmən üzərində parlaq qələbə qazandı və torpaqlarımız işğaldan azad olundu. Bu qələbənin şəhidlərimizin qanı və qazilərimizin igidliyi hesabına əldə edildiyi vurğulanıb. Çıxış edən natiqlər torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin Vətən naminə göstərdikləri qəhrəmanlıqların məktəblilər üçün örnək olduğunu, gələcək nəsillərin şəhidlərimizin döyüş yolunu öyrənərək vətənpərvər ruhda böyüməsində bu cür tədbirlərin böyük rolu olduğunu qeyd ediblər. Daha sonra şagirdlər Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş şeirlər söyləyiblər.



