31 Mart - Tarixin yaddaşından silinməyən soyqırımı
Martın 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsi, Yevlax Şəhər İcra Hakimiyyəti və YAP Yevlax Rayon Təşkilatının birgə təşkilatçılığı ilə "31 Mart - Tarixin yaddaşından silinməyən soyqırımı" mövzusunda tədbir keçirilib. Tədbirdə YAP Yevlax Rayon Təşkilatının sədri Rafiq Əliyev, Milli Məclisin deputatı İlham Məmmədov, Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini Elnarə Əzizova, DQİDK-nn Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, Rayon Ağsaqqallar Şurasının sədri Minnət Mürsəlov, şəhid ailələrinin nümayəndələri, qazilər, təhsil, mədəniyyət işçiləri və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Yevlax Rayon Təşkilatının sədri Rafiq Əliyev ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsini 1 dəqiqəlik sükutla anaraq, onlara Allahdan rəhmət diləyib. Rafiq Əliyev 1918-ci ilin mart qırğınlarını erməni daşnakları tərəfindən xalqımıza qarşı zaman-zaman həyata keçirilən soyqırımı siyasətinin ən dəhsətli səhifələrindən biri olduğunu, soyqırımı zamanı Bakıda və digər rayonlarımızda ermənilər tərəfindən minlərlə azərbaycanlının qətlə yetirildiyini diqqətə çatdırıb. Rafiq Əliyev qeyd edib ki, partiyamızın sədri, Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu erməni silahlı birləşmələrini darmadağın edib, soyqırımı qurbanlarının və bütün şəhidlərimizin qisasını aldı.
Tədbir çərçivəsində 31 Mart hadisələrindən bəhs edən videoçarx nümayiş etdirilib.
Çıxış edən Milli Məclisin deputatı İlham Məmmədov 1918-ci ilin mart soyqırımını öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan deyil, bəşər tarixində də ən qanlı faciələrdən biri olduğunu bildirilib. İlham Məmmədov Ulu Öndər Heydər Əliyevin 31 mart soyqırımı ilə bağlı tarixi Sərəncamından irəli gələrək ötən illər ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplandığını qeyd edib.
Çıxış edən DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev XIX əsrdən başlayaraq ermənilər tərəfindən Azərbaycan və Türkiyə ərazisində işğalçılıq niyyətlərini gerçəkləşdirmək və tarixi torpaqlarımız hesabına “Böyük Ermənistan” xülyasını reallaşdırmaq üçün ardıcıl olaraq dəhşətli soyqırımı cinayətləri həyata keçirdiklərini bildirib. Natiq Əfəndiyev 31 mart soyqırımı ilə bağlı həqiqətlərin Ulu Öndər Heydər Əliyevin qətiyyəti sayəsində üzə çıxdığını, bu hadisələrə hüquqi və siyasi qiymət verildiyini qeyd edib.
Sonda tədbir iştirakçılarının fikirləri dinlənilib və tədbir qarşılıqlı müzakirələrlə davam etdirilib.