Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
11.10.2016 / Müsahibə

Səyavuş Heydərov: “Bütün dini ayinlər və mərasimlər QMİ-nin fətvasına uyğun keçirilməlidir”

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərovun "Kanal-13" internet televiziyasına müsahibəsi.

Son günlər Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Məhərrəm ayında evlərdə mərasimlərin keçirilməsinə qadağa qoyması heç də birmənalı qarşılanmayıb.
Bu və ya digər məsələlərə aydınlıq gətirmək üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərovla həmsöhbət olduq. Müsahibimiz bildirdi ki, ötən vaxt ərzində araşdırmalar aparılıb, müzakirələr keçirilib. Qanunvericiliyə bir sıra əlavə və dəyişikliklər edilib.
Səyavuş  Heydərovun sözlərinə görə, araşdırmaların təhlili göstərir  ki, burada başqa məqsədlər güdülür. Burada bəzi  kənardan idarə edilən maraqlı qüvvələr, şəxslər  var ki, insanların dini duyğularını istismar etmək istəyirlər. Adətən o insanlar evlərdə toplaşırlar ki, onlar məscidlərə, ibadətgahlara getmirlər. Bunlar əsasən radikal dini təsirlərə məruz qalmış şəxslərdir ki, məscidlərdə istədiklərini edə, göstərə bilmirlər.
Aşura günü insanların baş yarmasına, zəncirlə sinə döyməsinə, ümumiyyətlə, qan tökülməsinə gəlincə, Səyavuş Heydərov bildirdi ki, araşdırmalar zamanı dəqiqləşdirməyə çalışırıq ki, insanları xurafata yönəldən elementlər nələrdir.  
Səyavuş Heydərovun sözlərinə görə,  ümumiyyətlə, İslamda özünə xətər yetirmək, əzab vermək, baş yarmaq qadağandır.
Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Məhərrəmlik ayı ilə bağlı fətvasında bildirilir ki, Aşura mərasimləri, mövcud qanunvericiliyə əsasən, məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməlidir. Təziyə məclislərində dindarlar tərəfindən Kərbəla vaqeəsində İmam Hüseyn (ə) və onunla birlikdə şəhid olanlar yad edilməli, Vətənimiz uğrunda canlarını qurban vermiş qəhrəman övladlarımızın əziz xatirəsi ehtiramla anılmalıdır. Əzadarlıq məclisləri keçirilən məkanlarda nizam-intizam gözlənilməlidir. Qurşağadək soyunub zəncir, sinə vuraraq bədənə xəsarət yetirməklə qan çıxarmaq müqəddəs şəriətimizə uyğun deyil və ictimai qınağa səbəb olur. Əzadarlar özlərinə və digərlərinə xəsarət yetirməməli, başqalarını da belə hərəkətlərə təhrik etməməlidirlər.
 
Müsahibəyə bütünlükdə aşağıdakı linkdən baxa bilərsiniz:

www.youtube.com/watch