Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri Azərbaycan İlahiyyat İnstitutu və Bakı İlahiyyat kollecində olublar
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Aİİ-nin yanında Bakı İlahiyyat Kollecində tələbələr üçün yaradılan şəraitlə tanış olublar.
İnstitutun rektoru Aqil Şirinov elm və təhsil sahəsində həyata keçirilən layihələr, müəllim və tələbələr üçün beynəlxalq təcrübəyə əsaslanaraq yaradılan şəraitdən və gələcək elmi əməkdaşlıq, tərəfdaşlıq imkanlarının mövcudluğundan bəhs edib. Bildirib ki, Aİİ-də təhsilin bütün pillələri üzrə hal-hazırda 296 tələbə təhsil alır. Tələbələr müasir sosial elmlərin metodları əsasında İslamla yanaşı, digər dünya dinlərinin inanc, ibadət, əxlaq sistemi, həmçinin fəlsəfə, sosiologiya, psixologiya, multikulturalizm və başqa sosial, humanitar elmləri də öyrənmək imkanına malikdirlər. Eyni zamanda bu təhsil ocağında tələbələr ödənişsiz dil kurslarında, dərnəklərdə iştirak edir, habelə təqaüd alırlar. Müəllim və tələbə heyəti üçün daha geniş imkanlar təqdim etmək məqsədi ilə xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlığın yaradılmasına xüsusi önəm verilir. A.Şirinov vurğulayıb ki, təkcə ötən il xarici ölkələrin 4 ali təhsil müəssisəsi ilə əməkdaşlıq müqaviləsi imzalanıb. Ümumilikdə isə Aİİ-nin xarici ölkələrin 32 ali təhsil və tədqiqat müəssisəsi ilə Anlaşma Memorandumu və əməkdaşlıq protokolu mövcuddur.
Bakı İlahiyyat kollecinin icraçı direktoru Mehman İsmayılov qeyd edib ki, kollecdə həm dünyəvi, həm də dini fənlər tədris olunur. Qəbul Dövlət İmtahan Mərkəzi vasitəsilə həyata keçirilir. Məzunlar İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda dini ayinlərin icraçısı-müəzzin vəzifəsində çalışa bilərlər.
İctimai Şura üzvləri təhsil müəssisələrinin fəaliyyətində düzgün təhsil strategiyasının tətbiq edilməsini və dini təhsilin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən çoxşaxəli fəaliyyəti müsbət hal kimi dəyərləndiriblər.






