Zaqatalada “Xocalı qətliamı” mövzusunda tədbir keçirilib
Fevralın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala regional bölməsi, Zaqatala Rayon İcra Hakimiyyəti və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü liseydə Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar “Xocalı qətliamı” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala regional bölməsinin müdiri İlqar Vəliyev, İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ramin Həsənov, Regional Təhsil İdarəsinin nümayəndəsi Aydın Camalov, müəllim və şagirdlər iştirak ediblər.
Öncə şəhidlərimizin və Xocalı faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda Xocalı soyqırımı haqqında ətraflı məlumat verilərək bildirilib ki, Xocalı qətliamı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi bir plan idi. Vurğulanıb ki, 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü bərpa olunub, şəhidlərimizin, o cümlədən Xocalı faciəsi qurbanlarının qisası alınıb.
Tədbir müzakirələrlə davam etdirilib.


