Zaqatalada “Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərimizin rolu” movzusu müzakirə olunub
Noyabrın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala regional bölməsi, Zaqatala Rayon İcra Hakimiyyəti və Rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə Vətən Müharibəsi Qəhrəmanı Valeh Bədəlov adına Aşağı Tala 1 №-li tam orta məktəbində “Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərimizin rolu” movzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala regional bölməsinin müdiri İlqar Vəliyev, Vətən müharibəsi qazisi Amil Mustafayev, məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub, daha sonra Ulu Öndəri Heydər Əliyev və Azərbaycan Respublikasının suverenliyi, müstəqilliyi,ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda Vətən müharibəsində Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən üzərində parlaq qələbə qazanması və torpaqlarımızın azad olunması qeyd edilib. Həmçinin Azərbaycan gənclərinin milli-mənəvi dəyərlərə, mənəvi-əxlaqi və yüksək vətənpərvərlik keyfiyyətlərinə malik olduğu və bu keyfiyyətlərin Vətən müharibəsindəki qələbəmizdə mühüm rol oynadığı diqqətə çatdırılıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


