Zaqatalada “Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda seminar keçirilib
Aprelin 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Zaqatala Rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman İdarəsi və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Zaqatala rayonu Muxax kənd 1 saylı tam orta məktəbində “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı” çərçivəsində “Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” adlı seminar keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Zaqatala rayon sektorunun məsləhətçisi Xamis İsmayılov, Zaqatala rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi İlqar Qədimov, Zaqatala rayonu Muxax kənd 1 nömrəli tam orta məktəbin direktoru Ədalət Qurbanova, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Çıxışlar zamanı yeniyetmə və gənclərə dövlət tərəfindən daim diqqət və qayğının göstərilməsinin, sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində mühüm işlərin görülməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğu qeyd edilib. Bildirilib ki, dövlətimiz gələcəyimiz olan gənc nəslin Vətənə məhəbbət, xalqına hörmət, soykökünə, adət-ənənələrimizə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük diqqət və məsuliyyətlə yanaşıb. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin uğurlu və uzaqgörən siyasəti, habelə müzəffər ordumuzun gücü, xalqımızın həmrəyliyi, vətənpərvər gənclərimizin şücaəti ilə qazanılan Vətən müharibəsindəki şanlı Zəfərdən qürur hissi ilə danışılaraq qeyd edilib ki, gənclərin tərbiyəsində, vətənpərvər ruhda formalaşmasında milli-mənəvi dəyərlərin rolu böyük əhəmiyyət kəsb edir.
Tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə çəkilmiş “Oxu” sənədli filmi nümayiş edilib, tədbir iştirakçılarına maarifləndirici ədəbiyyat paylanılıb.


