Zaqatalada “Qızları təhsildən yayındırmağın hüquqi və mənəvi məsuliyyəti” mövzusunda tədbir təşkil olunub
Yanvarın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala regional bölməsi, Zaqatala Rayon İcra Hakimiyyəti (RİH), Şəki-Zaqatala Regional Təhsil İdarəsinin (RTİ) Zaqatala rayonu üzrə Təhsil sektoru və Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin (RGİİ) Zaqatala rayonu üzrə Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə Zaqatala rayonu Ramazan Muradov adına Yuxarı Çardaxlar kənd tam orta məktəbində “Qızları təhsildən yayındırmağın hüquqi və mənəvi məsuliyyəti” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala regional bölməsinin müdiri İlqar Vəliyev, Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov, Şəki-Zaqatala RTİ-nin Zaqatala rayonu üzrə Təhsil sektorunun əməkdaşı Aydın Camalov, Şəki-Zaqatala RGİİ-nin Zaqatala rayonu üzrə Gənclər və İdman sektorunun əməkdaşı Nailə Hacıyeva, məktəbin direktor əvəzi Sevinc Mustafayeva, tədris işləri üzrə direktor müavini, məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.
Çıxışlarda qızların təhsildən yayındırılmasının hüquqi və mənəvi məsuliyyəti haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, bəzi valideynlər hələ də qız uşaqlarını təhsildən uzaqlaşdırmağa çalışırlar. Xüsusilə, radikal dini cərəyanlara meyilli valideynlər qızlarının təhsilini istəmirlər və bu, dinin əsaslarına zidd hesab olunur. Vurğulanıb ki, bu cür mənfi halların, eyni zamanda xurafat və mövhumatın yayılmasının qarşısını almaq üçün birgə mübarizə aparmaq çox vacibdir.
Sonda fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.




