Zaqatalada Müstəqilliyin Bərpası Gününün 31-ci ildönümü münasibəti ilə konfrans keçirilib
Oktyabrın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsi, Zaqatala Rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının birgə təşkilatçılığı ilə 18 Oktyabr-Müstəqilliyin Bərpası Gününün 31-ci ildönümü münasibəti ilə konfrans keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, Zaqatala rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi İlqar Qədimov, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının direktor müavini Həqiqət Qədimova, universitetin tələbələri və müəllimləri iştirak ediblər.
Tədbir ilk öncə Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi ilə başlanılıb, daha sonra Vətənimizin suverenliyi, bütövlüyü və azadığı uğrunda canlarını fəda etmiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlar zamanı 18 oktyabr 1991-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı barəsində danışılıb. Qeyd edilib ki, 18 Oktyabr Dövlət Müstəqilliyimizin Bərpası tarixi dövlətimiz və xalqımız üçün müstəsna əhəmiyyət daşıyan ictimai-siyasi və tarixi hadisə olduğu üçün hər il respublikamızın hər bir bölgəsində dövlət səviyyəsində təntənəli surətdə qeyd edilir. Bildirilib ki, müstəqilliyin bərpasından ötən 31 il ərzində dövlətimiz tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan xalqı dövlət quruculuğu prosesində ən ümdə amal, arzu və niyyətlərini gerçəkləşdirərək bütün sahələrdə nailiyyətlər əldə edib, dövlətçilik ənənələrimiz möhkəmlənib, iqtisadiyyatımız inkişaf edib və mədəniyyətimiz daha da zənginləşib. Vurğulanıb ki, 18 oktyabr 1991-ci ildə müstəqilliyimizin bərpa edilməsindən sonra ölkədə mövcud siyasi hərc-mərcliyin və ictimai-siyasi sahədəki qeyri-sabitliyin qarşısının alınması və təhlükə ilə üzləşmiş müstəqilliyimizin möhkəmləndirilməsi üçün xalqın istək və arzusu ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev tərəfindən xilaskarlıq missiyası həyata keçirilib, dövlətçiliyimizin, müstəqlilliyimizin və milli-mənəvi dəyərlərimizin qorunması, inkişaf etdirilməsi və yaşadılması istiqamətində mühüm və genişmiqyaslı işlər görülüb. Dövlətimizin müstəqilliyi, inkişafı və xalqımızın sosial rifahının yaxşılaşdırılması istiqamətində əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş düşünülmüş və məqsədyönlü siyasətin, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirildiyi vurğulanıb.
Tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə çəkilmiş “Heydər Əliyev və Azərbaycançılıq” sənədli filmi nümayiş etdirilib, tədbir iştirakçılarına maarifləndirici ədəbiyyat paylanılıb.


