Zaqatalada maarifləndirmə tədbiri keçirilib
Fevralın-9 da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Zaqatala Rayon İcra Hakimiyyəti (RİH), Zaqatala rayon Gənclər və İdman İdarəsi, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Zaqatala rayonu Muxax kəndi 2 №-li tam orta məktəbində “Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər” mövzusunda seminar keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, Zaqatala rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi İlqar Qədimov, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Zaqatala rayon sektorunun aparıcı məsləhətçisi Aydın Camalov, Zaqatala rayonu Muxax kəndi 2 №-li tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Çıxışlar zamanı xurafat, dini fanatizm, radikalizm və ekstremizmin məktəblilərin mənəvi dünyagörüşünə və şəxsi inkişafına mənfi təsir göstərən amillər olaraq sağlam və təhsilli gəncliyin formalaşmasında real təhlükəyə çevrildiyi diqqətə çatdırılıb. Məktəblilərin mənəviyyatlı, dünyagörüşlü və əxlaqlı şəxsiyyət olaraq yetişməsində ailənin, məktəbin və ictimaiyyətin rolunun danılmaz olduğu və onların zərərli vərdişlərdən və radikal dini təsirlərdən qorunmasının vacibliyindən danışılıb. Radikal dini qruplaşmalara və qeyri-ənənəvi dini cərəyanlara qarşı mübarizədə cəmiyyətimizin, əsasən də yeniyetmə və gənclərimizin vətənpərvərlik, dövlətçilik, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hissi ilə tərbiyə edilməsinin əhəmiyyəti vurğulanıb.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə ərsəyə gəlmiş “Oxu” sənədli filmi nümayiş etdirilib.



