Zaqatala və Ucarda Aprel döyüşləri ilə bağlı maarifləndirmə tədbirləri keçirilib
Aprelin 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Zaqatala Rayon İcra Hakimiyyəti (RİH), rayon Gənclər və İdman İdarəsi və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Z. Murtuzəliyev adına 1 №-li tam orta məktəbdə “Aprel döyüşləri: Böyük zəfərin müqəddiməsi” adlı 2016-cı il Aprel döyüşlərində qazanılan şanlı qələbənin yeddinci il dönümü ilə bağlı seminar keçirilib. Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüqar Məmmədov, rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Nailə Hacıyeva, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Daha bir tədbir isə Dövlət Komitəsinin Göyçay bölgəsi üzrə şöbəsi və Ucar rayonu Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə "Aprel döyüşləri böyük zəfərin başlanğıcıdır" mövzusunda Ucarda baş tutub. Tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, gənclər, Ucar rayon Rəstəcə və Qazyan kənd məktəbinin müəllim və şagirdləri iştirak ediblər.
Çıxışlar zamanı 2016-cı ilin aprel döyüşlərində qazanılan şanlı qələbənin Azərbaycan tarixində böyük qayıdışın başlanğıcı və böyük zəfərə aparan yol olduğu tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Xalqımızın otuz il müddətində davam edən vətən, yurd və doğma torpaq üzərindəki həsrəti Aprel döyüşlərində və 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan ordusunun bizə yaşatdığı qələbə müjdəsi ilə yekunlaşdığı qeyd edilib. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən ardıcıl və uzaqgörən siyasət nəticəsində Azərbaycan öz məntiqi yekununa çataraq əzəli torpaqlarımızın faşist Ermənistan işğalından azad olununması prosesini uğurla yekunlaşdırıb. Dörd günlük aprel döyüşlərində və 44 gün davam edən Vətən müharibəsində qazanılan şanlı qələbə ilə tarixən şəhidlik zirvəsinə ucalan soydaşlarımızın qisasının alınaraq tarixi ədalətin bərpa edildiyi bildirilib. Vurğulanıb ki, dörd günlük Aprel döyüşlərində və 44 günlük Vətən müharibəsində xalqımızın öz dövlət baçısının ətrafında “dəmir yumruq” kimi bir olaraq torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizəsi bizim şərəf tariximizdir, bu tarixi təbliğ etmək, yaşatmaq və gənc nəsillərə aşılamaq hər birimizin vətəndaşlıq borcudur.
Sonda seminar iştirakçılarına DQİDK-nin sifarişilə çəkilən “Şəhadət” sənədli filmi nümayiş edilib, seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.






