Zaqatala və Balakəndə maarifləndirmə tədbirləri keçirilib
Zaqatala və Balakəndə maarifləndirmə tədbirləri keçirilib.
Yanvarın 10-da Zaqatala rayonunun Lahıc kənd tam orta məktəbində “Radikal və ekstremist təmayüllü dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları” mövzusunda tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, yerli müvafiq idarələrin məsul əməkdaşları, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlarda bildirilib ki, gənclərin radikal və ekstremist cərəyanların təsirinə düşməməsi üçün maarifləndirmə tədbirlərinin keçirilməsi mütləqdir. Qeyd edilib ki, cəmiyyətin davamlı şəkildə inkişafının təmin olunması təhsil, habelə bu istiqamətdə aparılan tədqiqatların tətbiq mexanizmi ilə bilavasitə əlaqədardır.
***
Daha bir tədbir yanvarın 10-da Balakən rayonunun Qazma kənd Arif Mirəliyev adına 2 saylı tam orta məktəbində baş tutub. “İslam dinində sağlam həyat tərzi” mövzusunda keçirlən tədbirə isə DQİDK-nın bölgə şöbəsinin məsləhətçisi Ruslan Əfəndiyev, rayon İcra Hakimiyyətinin əməkdaşı Hacı Muradov, müəllimlər və şagirdlər qatılıblar.
Çıxışlarda ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi barədə danışılıb. Bərpa olunan enerji mənbələrinin faydalarından, qlobal iqlim dəyişikliyinin təbiətimizə, ətraf mühitə olan təsirindən geniş şəkildə bəhs edilib. Tədbirin yekununda DQİDK tərəfindən çap edilmiş maarifləndirici ədəbiyyat paylanılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


