Yevlaxda “Xocalı faciəsi tarixin qan yaddaşıdır” mövzusunda seminar keçirilib
Fevralın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax regional bölməsi və Yevlax şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə “Xocalı faciəsi tarixin qan yaddaşıdır” mövzusunda seminar keçirilib. Tədbirdə DQİDK-nın Yevlax regional bölməsinin aparıcı məsləhətçisi Valeh Rəşidov, Yevlax şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 saylı kitabxana filialının müdiri İlahə Abdullayeva, Yevlax şəhər Ağsaqqallar Şurasının sədr müavini Sərdar Məmmədov, Yevlax şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşı Qürbət Nəsibov, Yeni Azərbaycan Partiyasının Yevlax rayon təşkilatının əməkdaşı Fərid Hacıbəyli, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları tərəfindən ilk olaraq Ümummilli lider Heydər Əliyev və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər mövzunun əhəmiyyətindən bəhs edərək bildiriblər ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etmiş və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutublar. Çıxışlar zamanı qeyd olunub ki, Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu Ermənistanın işğalçılıq siyasətinə son qoydu. 19-20 sentyabr 2023-cü ildə Xocalı şəhəri Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizləndi və təkcə Xocalı faciəsi deyil, bir sıra qətliamları həyata keçirən şəxslərin Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb edilməsinə başlanıldı. 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Cənab Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Dövlət Bayrağı ucaldıldı.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.




