Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
21.02.2025 / Bölgə xəbərləri

Yevlaxda “Xocalı faciəsi tarixin qan yaddaşıdır” mövzusunda seminar baş tutub

Fevralın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax regional bölməsi və Yevlax şəhər Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Mədəniyyət Mərkəzində “Xocalı faciəsi tarixin qan yaddaşıdır” mövzusunda seminar keçirilib.

Tədbirdə DQİDK-nın Yevlax regional bölməsinin aparıcı məsləhətçisi Valeh Rəşidov, Yevlax şəhəri Mədəniyyət Mərkəzinin direktoru vəzifəsini icra edən Sevda Əliyeva, Yevlax şəhəri Heydər Əliyev Sarayının direktoru Seymur Novruzov, Yevlax şəhəri Mədəniyyət Mərkəzinin 1 nömrəli klubunun müdiri Esmira Məmmədova, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları tərəfindən ilk olaraq Ümummilli lider Heydər Əliyev və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edən natiqlər mövzunun əhəmiyyətindən bəhs edərək bildiriblər ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər. Həmin zaman Ümummilli lider Heydər Əliyev Xocalının o dövrdəki ölkə rəhbərliyi tərəfindən tamamilə müdafiəsiz buraxılmasına kəskin etiraz edir.

Çıxışlar zamanı bildirilib ki, Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Lakin onlar unudurdular ki, Azərbaycan xalqı bu tarixi heç vaxt unutmayacaq və gec-tez şəhidlərinin intiqamını alacaqdır. 44 günlük Vətən müharibəsində qazandığımız Zəfərə qiymət verən Müzəffər Ali Baş Komandan İlham Əliyev “Xocalı şəhidlərinin qanı yerdə qalmadı”- deyərək bu qisasın alındığını bildirdi. Nəhayət ki “dəmir yumruq” erməni terroristlərinin başına tarixin lənəti kimi dəyərək onları ləkəli vicdanları ilə birlikdə məhv etdi.

Tədbirdə mövzu ilə bağlı film nümayiş etdirilib.