Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
03.06.2025 / Bölgə xəbərləri

Yevlaxda “Qurban bayramı: sosial həmrəylik, maddi və mənəvi dəstək” mövzusunda seminar keçirilib

İyunun 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax regional bölməsi və Yevlax şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) birgə təşkilatçılığı ilə “Qurban bayramı: sosial həmrəylik, maddi və mənəvi dəstək” mövzusunda seminar təşkil olunub. 
Tədbirdə DQİDK-nın Yevlax regional bölməsinin aparıcı məsləhətçisi Valeh Rəşidov, Yevlax şəhər MKS-in direktor müavini Tofiq Həsənov, Yevlax şəhər Tarix-Diyarşünaslıq Muzeyinin baş fond mühafizi Xalidə Umarova, Yevlax şəhər Ağsaqqallar Şurasının sədr müavini Sərdar Məmmədov, din xadimləri və mədəniyyət işçiləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. 
Çıxışlarda qeyd olunub ki, humanizm, xeyirxahlıq və bərabərlik rəmzi olan Qurban bayramı cəmiyyətimizdə milli-mənəvi həmrəyliyi və dözümlülüyü daha da gücləndirir, insanlar arasında şəfqət və mərhəmət duyğularının təntənəsini nümayiş etdirir. Bu, xalqımızın mənəvi dəyərlərinə dövlət qayğısının nəticəsidir. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bütün sahələrə ayrılan diqqət kimi, milli-mənəvi dəyərlərimizə də xüsusi önəm verildi. Qeyd edilib ki, "Milli-mənəvi dəyərlər bizim üçün hər şeydən üstündür. Biz öz dini və milli ənənələrimizə sadiqik" - deyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncam və tapşırıqları ilə Azərbaycanda olan bütün dini abidələr bərpa və təmir olunur. Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, siyasi iradəsi, xalqımızın birliyi və güclü ordumuzun əzmi ilə 44 gün ərzində işğal altındakı torpaqlarımız düşmən əsarətindən azad olundu. Qazanılan Zəfər xalqımızın qurbanlarının və dualarının qəbul olunduğunun göstəricisidir.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.