Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
21.06.2025 / Bölgə xəbərləri

Yevlaxda “Gənclərin milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyəsinin əhəmiyyəti” mövzusunda tədbir keçirilib

İyunun 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax regional bölməsi, Yevlax şəhəri Heydər Əliyev Mərkəzi və Yevlax rayon 1-ci Hərbi Polis bölməsinin birgə təşkilatçılığı ilə Yevlax şəhəri Heydər Əliyev Mərkəzində 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə “Gənclərin milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyəsinin əhəmiyyəti” mövzusunda seminar keçirilib. 
Tədbirdə DQİDK-nın Yevlax regional bölməsinin əməkdaşı Valeh Rəşidov, Yevlax şəhəri Heydər Əliyev Mərkəzinin əməkdaşı Qürbət Nəsibov, Yevlax rayon 1-ci Hərbi Polis bölməsinin Qərargah rəisi-bölmə rəisinin müavini Elvin Süleymanlı, Yevlax şəhəri Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor müavini Tofiq Həsənov, mədəniyyət işçiləri, hərbi polisin əsgər və zabit heyəti iştirak ediblər.
Çıxışlarda qeyd olunub ki, hərb tariximizin şərəfli səhifəsi olan 26 iyun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə ilk nizami hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Müsəlman Korpusunun adının dəyişdirilməsi və Əlahiddə Azərbaycan Korpusu kimi adlandırılması milli silahlı qüvvələrin yaradılması istiqamətində mühüm addım oldu. 1918-ci ildə yaradılan Əlahiddə Azərbaycan Korpusu Cümhuriyyət Ordusunun hüquqi bazasını təşkil etdi və Ümummilli Liderimiz Heydər Əliyev varislik prinsipini əsas götürərək 26 iyun tarixini müasir Azərbaycan Silahlı Qüvvələrinin yaradılması günü elan etdi. Gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması üçün hər zaman öz müdrik məsləhət, tövsiyə və tapşırıqlarını verən Ulu Öndər deyirdi: "Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, keçmişi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi də yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tarixi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır”. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev hər zaman gənclərin vətənpərvər ruhda tərbiyə olunmasının vacibliyini vurğulayır. 44 günlük Vətən müharibəsi də təsdiqlədi ki, Azərbaycan gənclərində vətənpərvərlik ruhu kifayət qədər yüksəkdir. Bu gün Azərbaycan Ordusu yaradılmasının 107 illiyini böyük qürur hissi ilə qeyd edir. Xalqımıza tarixində ən böyük Qələbə hissini yaşadan Azərbaycan Silahlı Qüvvələri bundan sonra da ölkəmizin müstəqilliyinin, ərazi bütövlüyünün qorunmasına öz töhfəsini verəcəkdir.
Çıxışlardan sonra mövzu ilə əlaqədar sənədli film nümayiş olunub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.