Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
13.11.2025 / Bölgə xəbərləri

Yevlaxda “Dini tolerantlıq - cəmiyyətdə birgəyaşayış ənənəsinin təminatçısı” mövzusunda seminar keçirilib

Noyabrın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax regional bölməsi, Yevlax şəhər Heydər Əliyev Mərkəzi və Yevlax şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə Yevlax şəhər Heydər Əliyev Mərkəzində “Dini tolerantlıq - cəmiyyətdə birgəyaşayış ənənəsinin təminatçısı” adlı seminar keçirilib.

Tədbirdə DQİDK-nın Yevlax regional bölməsinin əməkdaşı Valeh Rəşidov, Yevlax şəhər Heydər Əliyev Mərkəzinin direktoru Aygün Qasımova, Yevlax şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 saylı kitabxana filialının müdiri İlahə Abdullayeva, YAP Yevlax rayon təşkilatının əməkdaşı Fərid Hacıbəyli, eləcə də gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlarda qeyd olunub ki, Azərbaycan çoxkonfessiyalı bir ölkə kimi tarixən müxtəlif dini və mədəni dəyərlərin qorunduğu, tolerantlıq ənənələrinin formalaşdığı məkan olub. Tolerantlıq anlayışı təkcə dini dözümlülük deyil, həm də müxtəlif inanclara, dünyagörüşlərinə və həyat tərzlərinə hörmətin ifadəsidir.

Bildirilib ki, UNESCO tərəfindən 1995-ci il noyabrın 16-da qəbul edilmiş Bəyannamə ilə Beynəlxalq Tolerantlıq Günü təsis olunub və həmin tarixdən etibarən bütün dünya irqçiliyə, zorakılığa, ekstremizmə və dözümsüzlüyə “yox” deyir.

Çıxışçılar vurğulayıblar ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş tolerantlıq siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın multikulturalizm modeli artıq dünyada sivilizasiyalararası dialoqun nümunəsi kimi qəbul olunur.

Tədbirdə həmçinin qeyd olunub ki, 44 günlük Vətən müharibəsi zamanı ölkədə yaşayan bütün azsaylı xalqların nümayəndələri vahid məqsəd uğrunda birləşərək Azərbaycan ordusunun tarixi Zəfərinə töhfə veriblər. Bu Azərbaycan xalqının milli və dini həmrəyliyinin ən parlaq nümunələrindən biri kimi dəyərləndirilib.

Sonda tədbir iştirakçıları mövzu ilə bağlı hazırlanmış sənədli filmə baxıblar.