Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
23.05.2025 / Bölgə xəbərləri

Yevlaxda “28 May Müstəqillik Günümüzdür” mövzusunda seminar təşkil olunub

Mayın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax regional bölməsi və Yevlax rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə Yevlax şəhəri Mirzə Ələkbər Sabir adına 2 nömrəli tam orta məktəbdə “28 May Müstəqillik Günümüzdür” mövzusunda seminar keçirilib. 
Tədbirdə DQİDK-nın Yevlax regional bölməsinin aparıcı məsləhətçisi Valeh Rəşidov, Yevlax rayonu üzrə təhsil sektorunun məsləhətçisi Abay Kərimov, Yevlax şəhəri M.Ə.Sabir adına 2 nömrəli tam orta məktəbin direktor müavini Lamiyə Rəfiyeva, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Çıxışlarda qeyd olunub ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalayaraq Azərbaycanın müstəqilliyini bütün dünyaya bəyan edib, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdi. Gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti bu qısa müddətdə mühüm nailiyyətlərə imza atdı.
Cümhuriyyətin adının tarixə qaytarılması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin bu siyasətini bu gün uğurla davam etdirən Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd olunması ilə bağlı imzaladığı sərəncam milli yaddaşın möhkəmlənməsində mühüm rol oynayıb.
Müstəqilliyinə 107 il əvvəl qovuşmuş Azərbaycan bu gün dünya birliyində öz gücü, siyasi iradəsi və beynəlxalq nüfuzu ilə seçilən inkişaf etmiş dövlətlərdəndir. Bu reallığı isə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bugünkü Müstəqil Azərbaycan Respublikasının əldə etdiyi möhtəşəm nailiyyətlər təsdiqləyir.
Tədbirdə mövzu ilə əlaqədar sənədli film nümayiş olunub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.