Yəhudi icmasının təşkilatçılığı ilə uşaqlar və yeniyetmələr üçün yay düşərgələri təşkil olunub
İyul ayında Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən “Cırtdan” Respublika Uşaq-Gənclər İstirahət və Sağlamlıq Mərkəzində Azərbaycan Yəhudiləri icması və Avropa yəhudilərinin Bakı dini icmasının təşkilatçılığı ilə uşaqlar və yeniyetmələr üçün yay düşərgələri təşkil olunub. 10 gün davam edən, ölkəmizin müxtəlif bölgələrindən olan 150-dən çox uşaq və yeniyetmənin iştirak etdiyi bu düşərgələrdə yerli və xarici peşəkar bələdçilərin rəhbərliyi ilə həm əyləncəli, həm də maarifləndirici proqramlar həyata keçirilib.
Düşərgə iştirakçıları yəhudi irsi və dəyərləri, cəmiyyətə inteqrasiya, tolerantlıq və qarşılıqlı hörmətin əhəmiyyəti mövzusunda sessiyalarda, ekskursiyalarda fəal iştirak ediblər.




