Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
14.12.2016 / Bölgə xəbərləri

Yasamalda “Tolerantlıq Azərbaycanda həyat tərzidir” mövzusunda tədbir keçirilib

Dekabrın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Bakı şəhəri üzrə şöbəsinin təşkilatçılığı ilə Bakı şəhəri Yasamal rayonu 53 saylı orta məktəbdə “Tolerantlıq Azərbaycanda həyat tərzidir” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Aslan Sultanov, Yasamal Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Vaqif Məmmədov və məktəbin direktoru Firəngiz Həsənova iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Aslan Sultanov Azərbaycanda tarixən formalaşmış tolerantlıq mühitindən, dostluq və qardaşlıq içində yaşayan çoxsaylı xalqların həyatından, multikultural dəyərlərin inkişafından və dövlətimizin bu dəyərlərin qorunması istiqamətində gördüyü işlərdən bəhs edib. A.Sultanov ölkəmizdə dinlərarası və məzhəblərarası münasibətlərin hər zaman yüksək səviyyədə olduğunu, bu mühitin qorunması üçün hər kəsin səylə çalışmalı olduğunu diqqətə çatdırıb.
Tədbirdə Yasamal RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Vaqif Məmmədov 2016-cı ilin “Multikulturalizm ili” olmasını xatırladaraq, ölkəmizdəki tolerant mühitin uşaqların mənəvi-əxlaqi tərbiyəsi üçün gözəl nümunə olduğunu ifadə edib.
Məktəbin direktoru filologiya üzrə fəlsəfə doktoru Firəngiz Həsənova çıxışında Azərbaycandakı tolerantlığın, multikultural dəyərlərin, müxtəlif konfessiyaların nümayəndələrinin sərbəst və qarşılıqlı anlaşma şəraitində yaşamasının dünya ölkələri içərisində nümunəvi hal olduğunu ifadə edib. F.Həsənova bu gün Azərbaycanın tolerantlıq modelinin dünyanın 28 universitetində öyrənilməsinin olduqca qürurverici hal olduğunu bildirib.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.