Yardımlıda “Yeniyetmə və gəncləri radikalizmin təsirlərindən qoruyaq” mövzusu müzakirə olunub
Noyabrın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı regional bölməsi, Yardımlı Rayon Təhsil Sektoru və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə N.Cəbiyev adına Çayüzü kənd tam orta məktəbində “Yeniyetmə və gəncləri radikalizmin təsirlərindən qoruyaq” mövzusunda tədbir təşkil olunub.
Tədbirdə Dövlət Komitəsinin Masallı regional bölməsinin əməkdaşı Pərvin İmanov, Rayon Gənclər və İdman sektorunun müdiri Şəhhriyar Şaqbıyev, müəllimlər, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda bəşəriyyəti narahat edən məsələlərdən olan dini radikalizm və onun fəsadları, cəmiyyətə vura biləcəyi zərbələrin acı nəticələri, habelə dini radikalizmə qarşı səmərəli mübarizə metodları barədə ətraflı danışılıb. Eyni zamanda dini radikalizm, qeyri-ənənəvi dini cərəyanlar haqqında geniş məlumat verilib. Bildirilib ki, mürəkkəb geosiyasi mövqedə yerləşməsinə baxmayaraq, respublikamız nəinki regionun, hətta dünyanın ən sabit ölkələrindən biridir. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizdə müxtəlif dinlərə etiqad edən insanlar qardaşlıq, dostluq və qarşılıqlı hörmət şəraitində yaşayırlar.
Tədbirin sonunda DQİDK-nın sifarişi ilə çəkilmiş “Fitnə” filmi nümaş etdirilib.


