Yardımlıda “Böyük qayıdış” mövzusunda tədbir keçirilib
Avqustun 20-də Yardımlı Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində “Böyük qayıdış” mövzusunda tədbir təşkil olunub. Tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı regional bölməsi, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi və Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə DQİDK-nin Masallı regional bölməsinin əməkdaşı Pərvin İmanov, Regional Gənclər və İdman İdarəsinin əməkdaşı Səfail İbişli, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Mehman Xanızadə, din xadimləri, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
Çıxışlarda “Böyük qayıdış” proqramının əhəmiyyəti, işğaldan azad olunmuş ərazilərə qayıdış prosesinin dövlət tərəfindən sistemli şəkildə həyata keçirilməsi, dini-mənəvi dəyərlərin qorunması və gənclərin bu prosesdə rolu vurğulanıb. Azərbaycanın multikultural və tolerant dəyərlərinə toxunaraq, azad olunmuş ərazilərdə dini irsin bərpasının əhəmiyyəti xüsusi qeyd edilib. Bildirilib ki, Qarabağda və Şərqi Zəngəzurda dağıdılmış məscidlərin bərpası dövlətimizin bu sahəyə verdiyi önəmin göstəricisidir.
İştirakçılar müzakirələrdə fəal iştirak edərək, mövzu ilə bağlı fikirlərini bölüşüblər.

