Xızıda “Suverenliyin qorunmasında dini, mənəvi həmrəyliyin rolu” mövzusunda tədbir keçirilib
Fevralın 12-də Xızıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsi, Xızı Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şimal regional mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, “Suverenliyin qorunmasında dini, mənəvi həmrəyliyin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin müdiri Yalçın Abdullayev, İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Abdulla Hüseynov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Şimal regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Yeni Azərbaycan Partiyasının rayon təşkilatının sədr müavini Ümman Rüstəmli, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbir Vətənimizin azadlığı və bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin yad edilməsi və dövlət himninin oxunması ilə başlanıb.
Çıxışlarda Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın rəşadətli Ordusu tərəfindən ölkəmizin ərazi bütövlüyü və suverenliyinin təmin edildiyi diqqətə çatdırılıb. Eyni zamanda suverenliyin qorunmasında dini, mənəvi həmrəyliyin rolundan bəhs olunub.
Sonda iştirakçıların sualları cavablandırılıb.


