Xətai rayonunda “Sosial mediada dini radikalizmin yayılmasına qarşı mübarizə metodları” mövzusu müzakirə olunub
Sentyabrın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı regional bölməsi və Xətai rayonu Əhmədli qəsəbə məscidi dini icmasının birgə təşkilatçılığı ilə “Sosial mediada dini radikalizmin yayılmasına qarşı mübarizə metodları” mövzusunda tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Bakı regional bölməsinin əməkdaşları Nuru İmanov və Elşən Quluzadə, Əhmədli qəsəbə məscidi dini icmasının sədri və imamı Murad Cəfərov, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edənlər müasir dövrdə dini radikalizm və ekstremizmin bəşəriyyət üçün olduqca təhlükəli qlobal problemlərdən birinə çevrildiyini vurğulayıblar. Qeyd olunub ki, sosial media platformaları bu kimi ideologiyaların sürətlə yayılmasına əlverişli mühit yaradır. Natiqlər gənclərin belə təsirlərdən qorunması üçün milli-mənəvi dəyərlərin, tolerantlıq və multikulturalizm prinsiplərinin təbliğinin vacibliyini xüsusi qeyd ediblər. Bildirilib ki, radikal çağırışlara qarşı effektiv mübarizə aparmaq üçün ailə, dini icmalar, təhsil müəssisələri və dövlət qurumları arasında sıx əməkdaşlıq zəruridir.