Xaçmazda dini qurumların terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədəki roluna dair tədbir keçirilib
İyulun 8-də Xaçmaz şəhərində "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin əsasları, terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizədə dini qurumların rolu" mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini məsələlər üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə, Regionlarla iş şöbəsinin baş məsləhətçisi Ülvi Məmmədov, Quba–Xaçmaz regional bölməsinin müdiri Elnur Ağasiyev, Xaçmaz Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Ceyhun Musayev, həmçinin rayonun din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Çıxışlar zamanı qeyd olunub ki, tədbirin təşkil edilməsində əsas məqsəd terrorçuluğun maliyyələşdirilməsinə qarşı qlobal və milli səviyyədə aparılan mübarizənin gücləndirilməsi, bu sahədə dini qurumların məsuliyyətinin və potensial imkanlarının müzakirəsidir. Eyni zamanda, qeyri-qanuni maliyyə axınlarının aşkarlanması, terrorun maliyyə mexanizmlərinin qarşısının alınması və cəmiyyətin bu təhlükəyə qarşı maarifləndirilməsi istiqamətində dövlət strukturları, hüquq-mühafizə orqanları və dini icmalar arasında əməkdaşlığın möhkəmləndirilməsi diqqətə çatdırılıb.
Natiqlər vurğulayıblar ki, dini qurumlar terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınmasında həm profilaktik, həm də maarifləndirici baxımdan mühüm platformaya malikdirlər. Xüsusilə gənclərin radikal qrupların təsirindən qorunması və onlar arasında sağlam dini dünyagörüşünün formalaşdırılması qeyri-qanuni maliyyə dövriyyəsinə qarşı mübarizənin səmərəliliyinə böyük töhfə verir. O da qeyd olunub ki, terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə yalnız hüquq mühafizə orqanlarının vəzifəsi deyil, bu proses dövlət təsisatlarının, dini icmaların və vətəndaş cəmiyyətinin birgə məsuliyyətini tələb edir. Dini qurumların cəmiyyətdəki nüfuzu və icmalarla birbaşa təmas imkanları bu istiqamətdə aparılan preventiv tədbirlərdə həlledici amillərdən biri kimi qiymətləndirilib.
Sonda mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb.




