“Uşaq Hüquqları Aylığı” çərçivəsində Şabranda tədbir keçirilib
Noyabrın 3-də Şabran rayonu Uzunboyad kəndində “Uşaq Hüquqları Aylığı” çərçivəsində “Uşaq tərbiyəsi milli-mənəvi dəyərlər kontekstində” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin müdiri Elnur Ağasiyev, bölmənin əməkdaşları, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) Şimal regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, ictimaiyyət nümayəndələri, müəllimlər, gənclər və şagirdlər iştirak ediblər.
Çıxışlarda uşaqların milli-mənəvi dəyərlər əsasında tərbiyə olunmasının əhəmiyyətindən danışılıb. Bildirilib ki, uşaqların vətənpərvərlik, humanizm, böyüklərə hörmət prinsiplərinə əsaslanan mühitdə böyüməsi onların şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır. Eyni zamanda, uşaqların hüquq və azadlıqlarının qorunması, onların mənəvi və intellektual inkişafı üçün ailə, məktəb və cəmiyyət arasında əməkdaşlığın vacibliyi vurğulanıb.
Tədbir çərçivəsində iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.



