“Uşaq Hüquqları Aylığı” çərçivəsində Qusarda tədbir keçirilib
Noyabrın 2-də Qusar rayonunun Aşağı Ləgər kənd tam orta məktəbində “Uşaq Hüquqları Aylığı” çərçivəsində “Uşaq hüquqlarının müdafiəsi və mənəvi məsuliyyət” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin müdiri Elnur Ağasiyev, Ombudsmanın Şimal Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Kamran Sədullayev, müəllimlər, gənclər və şagirdlər iştirak ediblər.
Çıxışlarda uşaq hüquqlarının qorunmasının cəmiyyət qarşısında duran mühüm vəzifələrdən biri olduğu vurğulanıb. Bildirilib ki, uşaqların hüquq və azadlıqlarının təmin edilməsi, onların sağlam mənəvi mühitdə böyüməsi, milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər və məsuliyyətli şəxsiyyət kimi formalaşması dövlətin və cəmiyyətin qarşısında duran əsas prioritetlərdəndir.


