“Uşaq Hüquqları Aylığı” çərçivəsində Mingəçevirdə tədbir keçirilib
Noyabrın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mərkəzi Aran regional bölməsi, Mingəçevir Şəhəri üzrə Təhsil Sektoru və Rəşad Mirabov adına 7 nömrəli tam orta ümumtəhsil məktəbinin birgə təşkilatçılığı ilə “Uşaq Hüquqları Aylığı” çərçivəsində “Uşaq hüquqlarının müdafiəsi və mənəvi məsuliyyət” mövzusunda seminar keçirilib.
Sözügedən təhsil ocağında baş tutan tədbirdə DQİDK-nın regional bölməsinin əməkdaşı Valeh Rəşidov, Şəhər Təhsil Sektorunun məsləhətçisi Fəzail Abdullayev, eləcə də müəllim və şagirdlər iştirak ediblər.
Çıxışlarda ölkəmizdə uşaq hüquqlarının qorunması və təmin olunması istiqamətində həyata keçirilən dövlət siyasətindən bəhs edilib. Bildirilib ki, böyüməkdə olan gənc nəslin hüquqi maarifləndirilməsi ilə yanaşı, onların milli-mənəvi dəyərlərə sadiq, Vətənə layiqli və mənəvi məsuliyyətini dərk edən fərdlər kimi formalaşması cəmiyyətin qarşısında duran əsas vəzifələrdəndir. Natiqlər həmçinin uşaqların zərərli vərdişlərdən və yad ideoloji təsirlərdən qorunmasında ailə, məktəb və ictimaiyyətin birgə fəaliyyətinin vacibliyini vurğulayıblar.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.

