Ucarda maarifləndirmə tədbiri keçirilib
Mayın 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi, Ucar Rayon Təhsil Şöbəsinin və Ucar şəhər 1 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə gənclərlə maarifləndirmə xarakterli görüş keçirilib.
Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, məktəbin direktoru Etibar Məmmədov, Ucar şəhər “Cami” məscidi dini icmasının sədri Ceyhun Əliyev və din xadimi Elnur Rəhimov, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlar zamanı İslam dininin humanist mahiyyəti, sülh, əmin-amanlıq, gözəl və saf əxlaqa, mərhəmət və şəfqətə, müxtəlif mədəniyyət və dəyərlərə, dözümlülüyə, elmə və inkişafa çağırış dini olması barədə geniş məlumatlar verilib.
Eyni zamanda dini fanatizmin, radikal dini meyillərin və məzhəb ayrı-seçkiliyinin zərərli nəticələrindən bəhs olunub.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


