Ucarda ailə dəyərləri və gender bərabərliyi mövzusu müzakirə olunub
Oktyabrın 3-də Ucar rayonunun Qazyan kənd 2 saylı tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay regional bölməsi, Rayon İcra Hakimiyyəti və Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılğı ilə “Möhkəm ailə münasibətlərinin əsası: gender bərabərliyi və qarşılıqlı hörmət” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Göyçay regional bölməsinin əməkdaşı Rauf Nəsirov, rayon icra strukturlarının nümayəndələri, məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.
Çıxışlarda ailə münasibətlərində qarşılıqlı anlayış və hörmətin əhəmiyyəti vurğulanıb, gender bərabərliyinin cəmiyyətin inkişafı üçün vacib olduğu bildirilib. Ailə institutunun zəifləməsinin sosial problemlərə yol açdığı diqqətə çatdırılıb. Natiqlər gəncləri sağlam ailə dəyərlərinə sahib çıxmağa və bu dəyərləri gələcək nəsillərə ötürməyə çağırıblar. Qeyd olunub ki, qadın və kişinin cəmiyyətdə bərabər hüquqlara malik olması ailə mühitində də harmoniya yaradır.


