Tovuzda “Suverenliyin qorunmasında dini-mənəvi həmrəyliyin rolu” mövzusunda tədbir keçirilib
İyulun 28-də Tovuz rayon məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Qazax-Tovuz regional bölməsinin və Tovuz rayon məscidi dini icmasının birgə təşkilatçılığı ilə “Suverenliyin qorunmasında dini-mənəvi həmrəyliyin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Qazax-Tovuz regional bölməsinin müdiri vəzifəsini icra edən Pərvin Zeynalov, eləcə də din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlar zamanı qeyd olunub ki, Azərbaycanın dövlət müstəqilliyinin və ərazi bütövlüyünün qorunması prosesində cəmiyyətin bütün təbəqələri, o cümlədən dini icmalar mühüm rol oynayır. Vurğulanıb ki, dini-mənəvi həmrəylik milli birliyin möhkəmləndirilməsində, xüsusilə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında əhəmiyyətli təsirə malikdir.
Tədbir qarşılıqlı fikir mübadiləsi ilə davam etdirilib.