Tərtər və Şəkidə maarifləndirmə tədbirləri keçirilib
Respublikamızın bölgələrində silsilə maarifləndirmə tədbirləri davam etdirilir.
Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsinin təşkilatçılığı ilə "İnsan hüquqları aylığı” çərçivəsində “İnsan hüquqları: dini etiqad azadlığı” mövzusunda keçirilən tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev, DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Pərviz Eyvazov, Tərtər “Cümə” məscidinin imamı Sadiq Cəfərov, təhsil işçiləri, din xadimləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
*** *** ***
Şəki Tibb kollecində “Yeniyetmə və gəncləri dini radikalizm və ekstremizm təhlükəsindən qoruyaq” mövzusunda tədbir isə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin məsləhətçisi Minarə Calalzadə, Şəki şəhər Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Səbahət Bağırova, müəllim və tələbələrin iştirakı ilə baş tutub.
Çıxışlar zamanı vurğulanıb ki, ölkəmizdə hər bir vətəndaşın vicdan azadlığı və dini ayinləri sərbəst yerinə yetirməsi Konstitusiyada müəyyən edilib. Azərbaycanda mövcud olan dinlərarası, məzhəblərarası sülh, əmin-amanlıq və qarşılıqlı hörmət çərçivəsində birgəyaşayış modelinin bütün dünyaya nümunə olduğu vurğulanıb. Eyni zamanda dini radikalizmin və ekstremizmin mahiyyətindən, törədə biləcəyi fəsadlardan bəhs olunub. O da qeyd edilib ki, istənilən ölkədə dini radikalizm və ekstremizmin əhatə dairəsinin genişlənməsi həmin ölkədə ictimai-siyasi sabitliyi poza, milli təhlükəsizlik risklərini artıra bilər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.



