Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
29.10.2026 / Bölgə xəbərləri

Təhsilin əhəmiyyəti, sağlam ailə dəyərləri və erkən nikah mövzularında tədbirlər keçirilib

Oktyabrın 28-də Abşeron rayonunun Xırdalan şəhəri 8 nömrəli tam orta məktəbində “Təhsildən yayınmanın mənəvi və sosial nəticələri” mövzusunda gənclərlə tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin məsləhətçisi Azər Tağıyev, Regional Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elyanar Hüseynov və gənclər iştirak ediblər.
Oktyabrın 29-da Kürdəmir rayon M.Əzimov adına Atakişili kənd tam orta məktəbində “Ənənə və hüquq baxımından erkən nikah” mövzusunda tədbir təşkil olunub. Tədbirdə Dövlət Komitəsinin Mərkəzi Aran regional bölməsinin əməkdaşı Məhəmməd Rəşidov, müəllimlər, yuxarı sinif şagirdləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Oktyabrın 29-da Balakən şəhəri 1 nömrəli tam orta məktəbində “Sağlam ailə münasibətləri: qarşılıqlı anlayış və hörmət” mövzusunda tədbir keçirilib. Tədbirə Dövlət Komitəsinin Şəki-Zaqatala regional bölməsinin baş məsləhətçisi Elməddin Atakişiyev, müəllimlər, yuxarı sinif şagirdləri və ictimaiyyət nümayəndələri qatılıblar.
Çıxışlarda təhsilin gənclərin gələcək həyatında oynadığı mühüm roldan bəhs olunub. Təhsildən yayınmanın fərdin sosial inkişafına və cəmiyyətə inteqrasiyasına mənfi təsirləri, erkən nikahın hüquqi, mənəvi və sosial fəsadları, eləcə də ailə münasibətlərində qarşılıqlı hörmət, anlaşma və məsuliyyət prinsiplərinin əhəmiyyəti barədə ətraflı məlumat verilib. Eyni zamanda gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasının, sağlam həyat tərzinin formalaşdırılmasının vacibliyi vurğulanıb.
Tədbirlər çərçivəsində iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzular ətrafında fikir mübadiləsi aparılıb.