Taxtakörpü qəsəbəsində “Tolerantlıq Azərbaycanda həyat tərzidir” mövzusunda tədbir keçirilib
Noyabrın 15-də Laçından olan məcburi köçkünlərin yerləşdiyi Ağcabədi rayonu Taxtakörpü qəsəbəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qarabağ və Şərqi Zəngəzur regional bölməsi və Laçın Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Tolerantlıq Azərbaycanda həyat tərzidir” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev, İcra Hakimiyyəti başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Məhəmməd Şahbazov, Dövlət Komitəsinin Qarabağ və Şərqi Zəngəzur regional bölməsinin müdiri vəzifəsini icra edən Əlizadə Nəcəfov, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda qeyd olunub ki, multikultural həyatı özünün yaşam tərzinə çevirmiş Azərbaycanda tolerant dəyərlər yaşamaqda və inkişaf etməkdədir. Ölkəmizdə milli-dini müxtəliflik insanlar arasında fərq yaradan amil kimi deyil, birləşdirici funksiya daşıyır. Vurğulanıb ki, bu gün Azərbaycanda bütün dinlərə məxsus tarixi-dini, eləcə də, mədəni abidələrə qayğı və diqqətlə yanaşılır. 1993-cü ildən xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və milli-dini tolerantlığı özündə əks etdirən siyasi kurs bu gün Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.
Tədbir müzakirələrlə davam etdirilib.



