Suraxanıda “Milli mənəvi dəyərlərimiz və dövlət-din modeli” mövzusu müzakirə olunub
Fevralın 18-də Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən 118 nömrəli tam orta məktəbdə “Milli mənəvi dəyərlərimiz və dövlət-din modeli” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsin əməkdaşı Aqil Əlisoy, Höccət ibn Həsən məscidinin imamı Allahveren Məmmədzadə, müəllimlər və şagirdlər iştirak ediblər.
Natiqlər milli-mənəvi dəyərlərimizin qorunması, dövlət-din münasibətlərinin Azərbaycan modelinin xüsusiyyətləri və gənclərin bu istiqamətdə maarifləndirilməsinin əhəmiyyəti barədə fikirlərini bölüşüblər. Bildirilib ki, ölkəmizdə dövlət-din münasibətləri qarşılıqlı hörmət və əməkdaşlıq prinsipləri əsasında qurulub. Çıxışlarda həmçinin gənc nəslin milli kimlik, mənəvi irs və dini dəyərlər ruhunda tərbiyəsinin vacibliyi vurğulanıb.
