Suraxanıda maarifləndirmə tədbiri keçirilib
Aprelin 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı regional bölməsi və Suraxanı Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Əmircan qəsəbəsində yerləşən Aslan Muradov adına 84 nömrəli tam orta məktəbdə “Uşaq hüquqlarının qorunması – erkən nikah problemi və ona qarşı mübarizə yolları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Suraxanı RİH-nin əməkdaşı Asəf Əmrahov, Dövlət Komitəsinin Bakı regional bölməsinin əməkdaşları - Aqil Əlisoy və Xalidə Rzayeva, Qaraçuxur qəsəbəsi “xanım Fatimeyi-Zəhra” məscidinin imam müavini Fərid Qasımzadə, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlarda erkən nikahın fəsadlarından danışılıb. Azərbaycan Respublikasında erkən nikah hallarının qarşısının alınması ilə bağlı mövcud qanunvericiliyin müddəalarından bəhs edilib. Eyni zamanda erkən nikahın qızların təhsildən yayınması halları ilə nəticələnməsinə xüsusi diqqət çəkilib.





